Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 41/1 nömrəli 28 avqust 2023-cü il tarixli Qərarı ilə “Banklarda korporativ idarəetmə Standartları” (“Yeni Standartlar”) təsdiq edilmişdir. Bu qərarın qəbul edilməsi ilə 1951100003 nömrəli 30 yanvar 2019-cu il tarixli “Banklarda risklərin idarə olunması” və 1951100027 nömrəli 27 iyun tarixli 2019-cu il “Banklarda korporativ idarəetmə Standartları” haqqında Qərarlar (“Əvvəlki Standartlar) qüvvədən düşmüşdür.
Yeni Standartların qəbul edilməsi ilə banklarda korporativ idarəetmə üzrə Əvvəlki Standartlara aşağıdakı dəyişikliklər edilmişdir:
1) Müşahidə Şurasının tərkibində yeni Komitənin – Korporativ İdarəetmə Komitəsi – yaradılması nəzərdə tutulmuşdur. Korporativ İdarəetmə Komitəsi bankda korporativ idarəetmə, mükafatlandırma və təyinat üzrə funksiyaları yerinə
yetirəcəkdir. Bununla yanaşı, əvvəlki Standartlarda nəzərdə tutulmuş Mükafatlandırma Komitəsi ləğv
edilmiş və onun funksiyaları yeni yaradılan Korporativ İdarəetmə Komitəsinə verilmişdir.
2) Müşahidə Şurası və onun Komitələrinin tərkibinin
formalaşdırılması ilə əlaqədar dəqiq tələblər müəyyən edilmişdir.
3) Uzunmüddətli dövr üzrə dayanıqlığı təmin etmək məqsədilə bank tərəfindən strategiyasında nəzərə
alınmalı amillərin sırasına bankın fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ekoloji (iqlim
dəyişmələri, ətraf mühitin deqradasiyası, ekosistemdə pozuntular və s.), sosial (gender məsələləri, inklüzivlik, əmək münasibətləri, insan resurslarına investisiya və s.) və idarəetmə (təşkilati struktur, mükafatlandırma, işçi münasibətləri, müxtəliflik və bərabərlik və s.) amillər (“ESİ amilləri”) daxil edilmişdir.
4) Komplayens funksiyasının gücləndirilməsi məqsədi ilə bankda baş komplayens inzibatçısının təyin oluna bilməsi nəzərdə tutulmuşdur. Baş komplayens inzibatçısı təyin olunmadıqda müvafiq funksiyalar baş risk inzibatçısı tərəfindən həyata
keçiriləcəkdir.
5) Banklarda xüsusi bilik və bacarıq tələb edən məsələlər üzrə Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı
müstəqil kənar ekspert xidmətindən istifadə imkanı müəyyən edilmişdir. Bununla yanaşı, Müşahidə Şurasının, Müşahidə Şurasının sədrinin və Müşahidə Şurasının komitələrinin səmərəli fəaliyyətinə dəstək olmaq məqsədilə Korporativ katib funksiyasının yaradılması Yeni Standartlarda öz əksini tapmışdır.
6) Mükafatlandırma sistemi daxilində mükafatlar sabit və ya dəyişən mükafat olaraq iki formada nəzərdə tutulmuşdur.
7) Banklarda korporativ idarəetmə üzrə xüsusi kateqoriyaya aid olan işçilərin əhatə dairəsi müəyyən edilmişdir.
Bu Standartlar 8 sentyabr 2023-cü il tarixindən etibarən qüvvəyə minmişdir. Standartlarda mükafatlandırma prosesinə dair nəzərdə tutulan tələblər 2023-cü il üzrə mükafatlandırmaya şamil edilmir və həmin dövr üzrə mükafatlandırma bu Standartların qüvvəyə mindiyi günədək mövcud olan normativ xarakterli akta əsasən müəyyən edilir.